Xaricdə distant təhsil: mənfi tərəfləri

Xaricdə distant təhsilin nə qədər effektiv ola biləcəyi haqqında fikirlər birmənalı deyil. Yəni, bu təhsilin nə qədər keyfiyyətli olması haqqında bir sıra fərqli yanaşmalar mövcuddur. İstərdik ki, distant formada xarici bir ölkədə təhsil alarkən hansı maneələr ilə üzləşə biləcəyiniz yanaşmamızı ortaya qoyaq.

Distant təhsil forması seçim kimi

İlk öncə qeyd edək ki, distant təhsilə əsasən işləyən şəxslər tərəfindən daha çox üstünlük verilir. Əgər bir şəxsin iş imkanları və ya digər şəxsi məsələlər (məsələn, ailə həyatı) kimi baryerləri yoxdursa, bu zaman əyani təhsil forması daha çox arzuolunan olmalıdır. Əlavə olaraq, distant təhsil tələbədən maksimal şəkildə şəxsi motivasiyalı olmağı, vaxta ciddi nəzarət etməyi və dərslərə davamiyyətdə iradəli olmağı tələb edir. Əks halda, distant təhsil öz effektivliyini tamamən itirə bilər.

Ümumiyyətlə, ilk növbədə şəxs araşdırmalıdır ki, təhsil ona nə qədər, nəyə görə lazımdır. Daha sonra isə distant təhsili təklif edən ölkələrə baxılmalı və büdcəyə uyğun bir proqram seçilməlidir.

Distant təhsil və viza

Distant təhsil tələbənin həmin ölkədə olmasını tələb etmir. Bu bir tərəfdən xərcdən azad etsə də, digər tərəfdən tələbəyə viza məhdudiyyəti qoyur. Bu səbəbdən distant təhsil alan şəxs tələbə vizası üçün müraciət edə bilməz. Təhsilin birinci günündən sonuncu gününə qədər bütün proseslər onlayn qaydada aparılır. Sonda isə əldə olunan original diplom poçtla tələbənin özünə göndərilir.

Diplomların tanınması

Distant təhsil forması ilə əldə olunmuş diplomlar Azərbaycanda rəsmən tanınmır. Yəni, bir şəxs dövlətə bağlı olan qurumlarda karyera qurmağı hədəfləyirsə, bu zaman distant təhsil formasından imtina etməkdə fayda var. Özəl şirkətlər bir qədər fərqli yanaşsalar da, rəsmi qurumlar diplomun Təhsil Nazirliyi tərəfindən rəsməm tanınmasını tələb edirlər.

Texniki problemlər

Əksər ölkələrdə distant təhsil ya yoxdur, ya da ki yeni sayıldığı üçün formalaşmayıb. Bu baxımdan akademik heyətin özü də distant formada olan təhsilə hazır deyil. Buradakı məhdudiyyət ya texniki məsələlər ola bilər (məsələn, universitetin özü texniki tərəfdən hazır deyil) və ya texniki tərəf hazır olsa belə, müəllim özü buna hazır deyil. Bu baxımdan, distant formada təhsil almağı planlaşdıran zaman universitetin təcrübəsini araşdırmaq lazımdır.

İkinci tərəf isə tələbənin texniki məsələrdə nə qədər bacarıqlı olması ilə bağlıdır. Burada əsas məsələ tələbənin ofis proqramları və texniki avadanlıqlar ilə nə qədər rahat işləməsi ilə əlaqədardır. Eyni zamanda internətə stabil çıxış tələb olunur ki, dərs zamanı hər hansı bir problem yaşanmasın.

Dərsə davamiyyət

Onlayn formada keçirilən dərslərdə davamiyyət məsələsi bir qədər ciddi xarakter daşımır. Bir sıra hallarda, dərslərin özü video formatda yazılır və həmin dərsdə iştirak etməyən tələbə daha sonra da dərsin qeyd olunmuş videosuna baxa bilir. Dərslərdə iştirak məcburiyyətinin olmaması isə bir qədər keyfiyyətə də təsir göstərmiş olur. Məsələn, daha sonradan tələbədə yaranmış ola biləcək sual dərsdə iştirak olunmadığı üçün effektiv şəkildə cavablandırılmaya bilər.

İxtisasların seçim məhdudiyyəti

Distant təhsil almaq istəyən şəxs geniş ixtisas seçiminə sahib deyil. Yəni, distant təhsil forması əsasən məhdud sayda ixtisaslar üçün keçərlidir. Biznesin idarə olunması, İqtisadiyyat, İnsan resurslarının idarə olunması kimi ixtisaslar distant təhsil üçün daha əlçatan sayılır. Amma nümunə kimi Tibb, Arxitektura və s. bu kimi təcrübəyə əsaslanan proqramlarda isə distant təhsil əldə etmək araşdırmamıza görə mümkün deyil.

Sosial izolyasiya və şifahi nitqin yoxluğu

Distant təhsil zamanı canlı auditoriya mühiti olmadığı üçün sosial izolyasiya baş verir. Sosyal izolyasiya isə istər-istəməz şifahi nitqə də təsir göstərir. Məsələn, bir semestr ərzində xaricdə mühitdə oxumaq ingilis dilinə müsbət təsirini göstərə bilər. Amma, bir semestr distant təhsil almaq bu dil biliklərinə eyni qədər təsir göstərməyə bilər.

Yekun fikirlər

Yekun olaraq bildirmək istərdik ki, distant təhsilin üstün tərəfləri də var. Hansı ki, bu üstünlüklər əyani formada əldə olunan təhsildə mümkün deyil. Və eyni zamanda yadda saxlamaq lazımdır ki, yuxarıda qeyd olunan məqamlar fərdlərə görə dəyişə bilər. Məsələn, bir tələbə distant dərslərdən başqa boş zamanlarını ingiliscə və ya öz ixtisasına uyğun materiallara ayıra bilər. Digər bir tələbə isə, hətta əyani formada təhsil alsa belə, təhsilə ciddi yanaşmaya bilər. Bu baxımdan distant təhsildə fərdin şəxsi keyfiyyətləri çox önəmli rol oynayır.

Paylaşmaq istərdim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir