Xaricdə təhsil: 4 yanlış yanaşma yazısının məqsədi bu istiqamətdə mövcud problemlərlə əlaqəlidir. Xaricdə təhsil almağın üstün tərəfləri barədə çox sayda olan məqalələrə, şəxsi uğur hekayələrinə və xüsusilə də, təhsil şirkətlərinin reklamlarına rast gəlmək olar. Əgər bu yazını axtarış nəticəsi olaraq tapıb oxuyursunuzsa, böyük ehtimalla xaricdə təhsil ilə maraqlanırsınız və ya artıq planlamağa belə başlamısınız. Bizim bu yazının məqsədi isə xaricdə təhsil planlarında buraxıla biləcək səhvlərlə bağlıdır. İstərdik ki, seçiminiz və planlarınızda maksimum qədər ilə bizim də xırda bir payımız olsun. Xülasə, keçək toxunmaq istədiyimiz məsələlərə.

Gecikmək

Burada qəsd olunan 2 məna var. Birinci budur ki, tələbə sənədləşmə işlərinə gec başlayır və nəticədə universitetin son müraciət tarixini qaçırdır. Və yaxud da, universitetlərə müraciət üçün seçim imkanlarını daraldır. Çünki, zaman uzandıqca, universitetlər də sənəd qəbullarını saxlayırlar. İkinci məsələ isə, tələbənin əla oxumağa gec başlaması ilə bağlıdır. Məsələn, reytinqli bir universitetə qəbul və ya təqaüd proqramlarına müraciət zamanı qazanılmış balların orta qiyməti (GPA) çox önəmli rol oynayır. Tələbə isə 4-cü kursa qədər yarı yaxşı, yarı pis qiymətlərlə oxuyur və son kursda xarici bir reytinqli universitetdə təhsil almaq istəyir. Əlbəttə ki, son kursda maksimum qiymətlər alınsa belə, bu ümumi orta bala ciddi təsir edə bilmir. Nəticə etibarı ilə, çox reytinqli bir universitet və ya təqaüd şansı da əldən qaçmış olur.

IELTS 7.0 və tam təqaüd

Yanlış yanaşmalardan biri də beynəlxalq bir sertifikatın yaxşı hesab olunan balını (məsələn, IELTS 7.0) əldə etmək və tam təqaüd haqqında əminliklə düşünmək haqqındadır. Akademik göstəricilərə görə verilən təqaüd proqramlarının əksəriyyətində yüksək GPA və yaxşı dil bilikləri tələb olunur, bu düzdür. Amma ki, tələbə olmaq istəyən şəxsin əlavə sertifikatları, könüllü fəaliyyəti və ya ixtisasyönümlü təcrübəsi də onu güclü bir namizədə çevirir. Dolayısıyla, IELTS 7.0 ballı sertifikat (və ya digər alternativ) və 90+ GPA ilə “100 faiz təqaüd” məsələsinə həddindən artıq əminliklə yanaşmaq düzgün deyil. Bəli, bu göstəriciləri olan tələbə təqaüd üçün yaxşı namizəddir. Buna baxmayaraq, bilmək lazımdır ki, bu göstəricilər ilə dünyada çoxlu sayda tələbə var.

Xarici dövlət universiteti və diplom tanınma

Bir çox hallarda, xüsusilə valideynlər xarici dövlət universitetlərinin yalnız dövlət olmasının istəyirlər. Narahatlıq isə əsasən təhsilin keyfiyyəti və diplomun tanınması ilə bağlıdır. Amma ki, diplom tanınma məsələsində universitetin dövlət və ya özəl olmasının heç bir önəmi yoxdur. Burada əsas məsələlər, ixtisas ekvivalentliyinin qorunması, təhsil formasının əyani olması, universitetin reytinqi və həmin ölkədə kifayət qədər vaxt keçirilməsi ilə bağlıdır. Bu 3 şərtin yerinə yetirilməsi nəticəsində həm ixtisasa bağlı biliklər əldə olunur, həm də diplom tanınma işləri də problemsiz həyata keçirilir.

Xaricdə təhsil şirkətinin üstünlüyü

Xaricdə təhsil almağı planlaşdıran müəyyən şəxslər bu işlərin görülməsi üçün şirkətlərə müraciət edir. Əlbəttə ki, bu işdə qəbahətli bir şey görmürük. Burada əsas yanlış yanaşma tələbənin yanaşması olduğunu hesab edirik. Çünki, bir sıra hallarda tələbə olmaq istəyən şəxs inandırılır ki, hansısa bir şirkət istənilən bir universitetə, xüsusilə top reytinqli bir təhsil müəssəsinə sertifikatsız (IELTS, TOEFL və s.), aşağı GPA ilə və müsahibə olmadan qəbul alır. Və yaxud da tələbə yanlış şəkildə düşünür ki, şirkət müraciət edəndə 100 faiz qəbul gəlir. Məsələ budur ki, əgər tələbənin göstəriciləri kifayət etmirsə, universitet kimliyindən (və kimin müraciət etməsindən) asılı olmayaraq, müraciəti neqativ nəticələndirir. Dolayısı ilə, şirkət sadəcə hansı sənədlərin və düzgün formada hazırlanmasını, nə zaman hazırlanmasını və müraciətin vaxtıda olunmasını kimi məsələləri tələbədən yaxşı bilə bilərlər. Bu baxımdan, şirkətin üstünlüyünü qəbul etmək olar. Birinci qeyd etdiyimiz məsələdə isə şirkətin hər hansı bir üstünlüyü ola bilməz.

Əlbəttə ki, xaricdə təhsil planlarında yanlış hesab etdiyimiz bir çox məsələlərə də toxuna bilərik. Sadəcə yazımızın məqsədi bu idi ki, bir qədər bu kimi səhv hesab etdiyimiz nüanslara geniş baxa bilək.

Paylaşmaq istərdim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir