Mən İngilis dilində danışmaq istəyirəm!
İngilis dilini öyrənmək üçün proqramlar, metodistlər və qalın-qalın kitablar var. İndiki zamanda isə internetdə dil öyrədilməsi üçün bir çox texnika və metodlar, o cümlədən “cəmi 3 aya ingiliscə danişmağı öyrədirik!” kimi cəlbedici, amma çox zaman inanılmaz reklam postları ilə qarşılaşırıq. Yeri gəlmişkən, bu tip postların yalnız Azərbaycanda yayılması haqda yalnış fikirlərə düşməyin, bütün dünyada belə reklamlardan istifadə olunur.
Reallığa gəldikdə isə, “Bir dili hansı müddətə öyrənmək olar?”, “Dili öyrəndiyini necə bilim?”, “Mən bu dili bilirəm!” ifadələrinə və suallarına cavab varmı?
Ümumiyyətlə, bir dili mükəmməl öyrənmək olurmu? Bu mükəmməllik səviyyəsi necə olçülür? Peşəkarca dili bilmək o dil vasitəsi ilə pul qazana bilmək anlamına gəlirmi? Belə suallar sonsuza qədər uzana bilər ona görə gəlin, ən vacib suallara bir-bir cavab tapmağa cəhd edək
1. İngilis dilini “0”-dan öyrənməyə nə qədər zaman lazımdır? – Bu sualı müəllimlərə versəniz, onlar “asılıdır” cavabı verəcəklər. Və bu, doğru cavabdır, çünki sizin dil öyrənməyiniz bir sıra amillərdən asılıdır. Bunlardan ən birincisi ingilis dilini öyrənməyinizin aydın məqsədinin olmasıdır. İngilis dili, mübaliğəsiz və sözsüz, dünyanın qlobal, biznes aləminin isə birinci dilidir. Bütün dünyada, o cümlədən bizim ölkəmizdə ingilis dili sizin iş imkanlarınızın qat-qat artırılmasına səbəb ola bilər. Yaxud xaricdə təhsil planınız varsa, dil bilikləri tələblər arasında ilk sıralarda olacaq.
Qərarınız qətidirsə və qərarınıza uyğun ingilis dili öyrənməyə zaman ayırmağa hazırsınızsa, o zaman bilin ki, Dil Dəyərləndirilməsi üçün Ümumi Avropa Çəvçivəsinə əsasən (Common European Framework of Reference for Languages) hər səviyyə sizdən təqribən 200 saatlıq bir zaman tələb edir. Bəli, 200 saat! Təbii ki, siz bu zamanı peşəkarların yardımından və düzgün vəsaitlərdən istifadə edərək, qat-qat qısalda bilərsiniz. Amma yadda saxlayın ki, dil öyrənməkdə yalnız həftəlik dərs yükü və ev tapşırıqlarının həllinə arxayın olmaq olmaz. Siz ingilis dilinə gündəlik olaraq zaman ayırmalısınız və burada mütəmadilik çox önəmlidir.
2. İngilis dili öyrənərkən, bütün 4 dil ünsürünə diqqət edin: danışıq, yazı, dinləmə və oxuma. Bunlardan ikisi dinləmə və oxuma – reseptiv, yazı va danışıq isə produktiv dil bacarığı hesab olunur və hər bir ünsür digəri qədər əhəmiyyətlidir. Razılaşın ki, qarşınızdakının nə dediyini dinləyib anlaya bilmirsinizsə, bütün söhbətdən kənar qalacaqsınız
3. İngilis dilini qrammatika üzərindən öyrənməyin. Bəli, qrammatika sizin düzgün və doğru yazı qabiliyyətiniz və danışmağınız üçün önəmlidir. Amma qrammatik qaydaların adlarını əzbərləyib, danışanda hansı qaydanı istifadə edəcəyinizi düşünəcəksinizsə, bu qaydaların adları sizə kömək yox, əngəl olacaq. Öz doğma dilimizlə müqaisə aparın: biz cümlə qurarkən, məgər hansı zaman formasını istifadə edəcəyimizi düşünürük? Xeyr! Eynilə ingilis dilində də dildən istifadə vərdişimiz olmalıdır
4. Özünüz üçün dili istifadə edəcəyiniz bir mini-dünya yaradın. Mənim üçün belə bir dünya, məktəb illərində ikən Azərbaycana çox sayda xarici neftçi mütəxəssislərin axını ilə qurulmuşdu. Qonşuluğa Şotlandıyada çalışmaq üçün Azərbaycana gəlmiş bir ailə köç etmişdi və biz bu ailə ilə dostlaşmışdıq. Təbii ki, gündəlik eşitdiyimiz ifadələr, sözlər, danışıq və tələffüs – bunlar hamısı dil sahəsində bir əminliyin yaranmasına və sonunda sizi xarici dildə “danışdırmağa” səbəb olur. Hazırda belə imkanlar daha genişdir; ingilis dilində filmlər, həftəsonu danışıq dərsləri (conversation clubs) və hətta xarici universitetlərdə ciddi gənclərlə ünsiyyət qurmağınız belə işinizə yaraya bilər.
5. Yadda saxlayın ki, ingilis dili danışığının 90%-i min söz üzərində qurulub! Bəli, cəmi min söz öyrənərək, bu dildə sərbəst danışığa başlaya bilərsiniz. Qoy, bu sizə yeni söz öyrənmək üçün bir motivasiya olsun Söz öyrənmək kifayət qədər qəlizdir və əsas problem ondadır ki, öyrəndiyiniz sözlər tez də yaddan çıxır. Bunun üçün bir neçə praktiki və sınanmış metoddan istifadə edə bilərsiniz: məsələn, kitablar oxuyun və təkrar oxuyun, yaxud öyrəndiyiniz yeni sözü növbəti 3 gündə tətbiq etmək kimi bir plan qurun. Yaxud qısa mətnləri tərcümə edin – həqiqətən işinizə çox yarayacaq.
6. Bir dili məcazi də olsa tam öyrəndiyinizi necə anlaya bilərsiniz. Məcazi sözü sizə qəribə gəlirsə, sadəcə nisbilik nəzəriyyəsini yadınıza salın. Amma yenə ölçülə bilməsi üçün qeyd edim ki, bir dildə oxuyub dinlədiklərinizi 80% anlamaq sizə bir dildə “fluent” olmağınızı göstərə bilər. Başqa vasitələrlə də ölçə bilərsiniz: qarşınızdakı siz, siz isə onu anlayırsınızmı, xarici dildə qəzetləri başa düşürsünüzmü? Yaxud, danışarkən kəsinti və “söz axtarmaq” probleminiz olurmu?
Xülasədə onu deyə bilərəm ki, uğurunuz sizin niyyətinizə bağlıdır; əgər həqiqətən ingilis dilini öyrənmək istəyirsinizsə, bu bolgdakı, yaxud digər mənbələrdəki məsləhətlərdən yararlanaraq, işə başlayacaqsınız. Mənə isə sizə bu işdə uğurlar diləmək qalır.
Fidan Bağırova

Paylaşmaq istərdim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir