Təhsil vizası üçün nələrə diqqət olunmalıdır?

Xarici ölkəyə səfər etməmişdən öncə, Azərbaycanda görüləcək son iş müvafiq səfirliyə müraciət edib, vizanı əldə etməkdir. İlk növbədə istərdim ki, viza haqqında ümumi məlumat verim daha sonra nələrə diqqət etməliyik onlara da toxunacam.

Kembric Universiteti viza sözünün mənasını həm bir ölkəyə daxil olmaq, həm də ölkəni tərk etmək üçün bir nişanə kimi açıqlayır. Məsələ budur ki, vizanın pasportda olmağı sizin ölkəyə daxil ola biləcəyinizə 100 faiz zəmanət vermir. Təcrübədə tez-tez rastlanmasa da, sərhəd-keçid məntəqəsinin əməkdaşı (pasport nəzarətçisi) əsaslı səbəblər olarsa, şəxsin ölkəyə daxil olmasına icazə verməyə bilər.

Vizanın əldə olunması üçün önəmli məqamlar

Səfirlik və ya konsulluqda viza müraciəti üçün ən önəmli sənəd səyahətin səbəbini sübut edən sənəddir. Məsələn, bu, tələbə üçün universitetin qəbul, xəstə üçün xəstəxanın müalicə və ya layihə iştirakçısı üçün hansısa bir qurumun dəvətnamə sənədi ola bilər. Bu sənədlərdə yazılan məlumatların düzgün doldurulması çox önəmlidir. Məsələn, pasportun nömrəsindəki hərf və ya rəqəmlərin birinin səhv yazılması konsul tərəfindən sənədlərin qəbul olunmaması ilə nəticələnə bilər.

Digər mühüm sənəd isə qalacağınız yer barədə olan sənəddir. Təhsil üçün ölkə xaricinə birinci dəfə gedən yoldaşlar daha çox universitetin yataqxanasına üstünlük verirlər. Bunun da özünəməxsus səbəbləri var. Çünki yataqxananın aylıq xərcləri çox vaxt sabit olur. Yəni tələbə bilir ki, məsələn otaq üçün aylıq 100 avro xərci olacaqdır. Şəxsi evdə yaşamaq isə bir qədər bahalı və qeyr-sabit aylıq xərclər ilə nəticələ bilər. Çünki istifadə olunan kommunal xidmətlərə görə ödəniş aylara görə dəyişir. Amma bu o demək deyil ki, viza üçün ya yataqxana, ya da şəxsi evin sahibi ilə olan müqavilədən başqa digər sənədlər konsul tərəfindən qəbul olunmur. Otel rezervi də viza müraciəti üçün qalacağınız yer barədə sənəd kimi də təqdim oluna bilər.

“Elə bu?” sualına gəldikdə isə, xeyr, hələ bu harasıdır ki? Maddi durumu təsdiq edən sənəd də siyahıda yer alır. Maddi durumla vizaya müraciət edən şəxs sübut edir ki, onun maddiyyatı həmin ölkədə qısa ya uzunmüddətli qalmağa imkan verir. Bir çox hallarda banka tələb olunan qədər pul qoyulur, bankdan alınan məktub səfirliyə təqdim olunur. Müəyyən hallarda isə, konsul bankdan sizin adınıza olan hesabın son 3 ya 6 ayının çıxarışını da qəbul edə bilər. Digər bir variant isə müraciətçiyə qəyyumluqla bağlıdır. Hansısa bir fiziki və ya hüquqi şəxs rəsmi sənədlə viza istəyən şəxsi maddi tərəfdən dəstəkləyə bilər. Qeyd edim ki, bu 3 sənəddən biri kifayət edir. Amma bəzi səfirliklər var ki, məsələn İtaliya, bank məktubu ilə yanaşı əlavə sənədlər də tələb edə bilər.

Bir qayda olaraq, pasportun əsli və surəti, müraciət forması və həmin formaya əlavə olunan şəkil, bilet bronu, sığorta barədə sənəd vizaya müraciət zamanı tələb olunur. Bu sənədlərin tələb olunması həm ölkəyə, həm də vizanın tipinə uyğun dəyiş bilər. Məsələn, Çin üçün turist vizası müraciətində sığorta tələb olunur, amma təhsil üçün uzunmüddətli vizaya müraciət zamanı isə sığortanı Çinin özündə almaq lazımdır.

Vizadan rədd cavabının səbəbləri

Bəzi hallarda vizadan rədd cavabı süni yaradılan səbəblərlə də bağlı ola bilsə də, bu hissədə yazacağım məsələlər real səbəblərlə bağlıdır. Yazı əsasən təhsil üçün viza müraciətindən rədd cavablarının mümkün səbəblərinə toxunacaq.

Rədd cavabı əsas səbəblərindən biri seçilmiş universitetin aşağı nüfuzu ilə bağlı ola bilir. Yəni, həmin təhsil müəssisəsi tələbələrin yaxşı təhsil almaqlarında bir o qədər maraqlı deyil, dərslər sistemli və effektiv şəkildə keçirilmir və s. “Elə universiteti dövlət niyə “bağlamır”?” məsələsi isə problemin digər tərəfidir, yəni bizlik deyil.

İkinci səbəb budur ki, tələbə hansısa xətt vasitəsilə dili bilmədiyi halda universitetdən qəbul alır. Müraciətçi, konsulla görüş zamanı isə mümkün ola biləcək müsahibədə sadə sualları cavablandıra və ya heç başa düşə bilmir. İstər-istəməz həmin adamın təhsil proqramını qavramaq məsələsi də böyük sual altında düşmüş olur.

Başqa səbəblərdən biri isə viza üçün müraciət edən şəxsin sualları aydın cavablandıra bilməməsi ola bilər. Təsəvvür edin ki, tələbədən soruşulur ki, niyə filan universitetin tələbəsi olmaq istəmisən və ya universiteti bitirdikdən sonra planın nədir. Tələbə isə bu sual qarşısında özünü itirir, çünki universitet barədə və gələcək planları haqqında məlumatı yoxdur.

Nə qədər real görünməsə də, digər səbəblərdən biri sosial şəbəkədəki aktivlik ola bilər. Aktivlik burada neqativ mənada başa düşülməlidir. Yəni, istənilən halda müraciət edən şəxsin sosial şəbəkədəki paylaşdığı şeylər problemə çevrilə bilər. Məsələn, bir şəxs aqressiv, diskriminasiya təşviq edən məlumatlar paylaşırsa və bu, səfirlik, konsulluq, miqrasiya və ya polis tərəfindən araşdırılıb görülərsə, vizadan müsbət cavab almaq qeyri-mümkün bir şeyə çevrilir. Bu baxımdan, əgər sosial şəbəkədə bu tipli paylaşımlar edirsinizsə, bunun hamının görə biləcəyi (ing. public) halda etməyin və ya paylaşdığınız materiallara diqqətlə yanaşın.

Müəllif: Samil Niftalıyev (Vision Academy-nin Xaricdə təhsil üzrə mütəxəssisi)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir