GRE haqqında bilməli olduqlarımız

GRE (Graduate Record Examination) nədir?

GRE xüsusilə ABŞ və Kanada universitetlərinin magistratura və doktorantura proqramlarına qəbul olmaq üçün verilən bir imtahandır. GRE adıçəkilən iki ölkədə daha məşhur olmağına baxmayaraq, bu imtahan Avropa universitetləri (xüsusilə, ödənişsiz alman, norveç və digər ödənişli və nüfuzlu universitetlər) üçün də artıq trend halını almağa başlayır. GRE imtahanını semantik mənada anlasaq, bu analiz, kritik yanaşma və əsaslandırma kimi keyfiyyətlərin ölçülməsi testidir.

GRE iki variantla verilə bilər: GRE Ümumi Test (GRE General Test) və GRE Fənn Testləri (GRE Subject Tests). GRE General Test 3 hissədən ibarətdir: Şifahi əsaslandırma (Verbal Reasoning), Kəmiyyət əsaslandırması (Quantitative Reasoning) və Analitik yazı (Analytical Writing) hissələrindən imtahan verilir. Universitetlər normal olaraq qəbul üçün GRE Ümumi Test tələb edirlər. Amma bəzi hallarda GRE Fənn Testləri də tələb oluna bilər. GRE Fənn Testlərinə Biologiya, Kimya, Fizika, Riyaziyyat, Psixologiya və İngilis ədəbiyyatı daxildir. Adları çəkilən bu fənlər hər biri ayrı-ayrılıqda bir imtahan sayılır. Məsələn, əgər tələbə psixologiya üzrə master/doktorantura qəbulu almaq istəyirsə, universitet GRE Psixologiya imtahanı tələb edə bilər.

GRE balı necə hesablanır?

Ayrı-ayrılıqda, Şifahi əsaslandırma (Verbal Reasoning) 130-170, Kəmiyyət əsaslandırması (Quantitative Reasoning) 130-170 və Analitik yazı (Analytical Writing) isə 0-6 miqyası ilə hesablanır. Bəzi hallarda tələbədən konkret olaraq hansısa bir hissənin imtahan nəticəsi tələb oluna bilər. Məsələn, universitet tələb edə bilər ki, Şifahi əsaslandırma balı minimum 150 olmalıdır. GRE Fənn Testləri isə 200-990 miqyası ilə hesablanır.

GRE imtahanı üçün nə qədər xərc tələb olunur?

GRE Ümumi Test üçün 205 ABŞ dolları, GRE Fənn Testi üçün isə 150 ABŞ dolları ödəmək tələb olunur. Azərbaycanda həm fənn üzrə, həm də ümumi olaraq GRE imtahanı vermək mümkündür. Qeydiyyat üçün link postun sonunda qeyd olunub. Linki açdıqdan sonra GRE imtahan növünü seçib, daha sonra Baku, Azerbaijan göstərməklə imtahan üçün boş vaxtı seçib qeydiyyat aparmaq mümkündür.

Yuxarıda yazılan xərclərə əlavə olaraq bildirilməlidir ki, GRE imtahanına hazırlaşmaq özü belə müəyyən büdcə tələb edir. Bura həm hazırlaşacağınız tədris mərkəzinə ödəyəcəyiniz məbləğ, həm də dərs vəsaitləri aiddir. GRE nəticənin əldə olunması üçün konkret bir büdcənin hesablanması çətindir, çünki bu, müddətə və onun hazırlaşacağı tədris mərkəzinə görə dəyişilə bilər. Məsələn, bir tələbə eyni GRE nəticəsi üçün 6, digər bir tələbə isə özünü 12 aya hazırlaya bilər.

GRE nəyə lazımdır?

Və son olaraq GRE haqqında bir sıra önəmli məsələlər toxunmaq istərdik. Ümumiyyətlə, GRE nə qədər önəmlidir və ya önəmlidirmi? Bu sertifikat sizə hansı hallarda lazım olacaqdır.

Deyək ki, hər hansı bir tələbə universiteti yaxşı ortalama ilə (GPA) bitirə bilməyib, lakin təhsilini nüfuzlu bir təhsil mərkəzində davam etdirmək istəyir. Bu halda, GRE imtahanının nəticəsi həlledici ola bilər. Çünki, aşağı ortalama tələbənin qəbul olunmaması ilə nəticələnə bilir.

İkinci önəmli məsələ isə, ödənişsiz təhsil imkanları ilə bağlıdır. Bəzi hallarda, bir sıra universitetlər bir neçə ixtisas üzrə ödənişsiz proqramlar təklif edirlər. Belə halda, tələbənin GRE (Ümumi və ya Fənn üzrə) nəticəsinin olması, onu həmin universitet və ixtisas üçün güclü bir namizədə çevirir və qəbul şanslarını artırır.

GRE 5 il müddətində keçərlidir. Deyək ki, tələbə GRE imtahanını verir və istədiyi balı toplayır, lakin müəyyən səbəblərə görə bir neçə il təhsilini davam etdirə bilmir. Belə halda, nəticələrin rəsmiləşdiyi gündən etibarən 5 il müddətində tələbə öz sertifikatı ilə universitetlərə yenidən müraciət edə bilər.

Yekun

Bir çox universitet, xüsusilə magistratura proqramı üçün sadəcə beynəlxalq ingilis dili sertifikatı (TOEFL/IELTS) və öncəki təhsilin ümumi qiymət ortalaması (CGPA) ilə kifayətlənir. Sadəcə yadda saxlamaq lazımdır ki, əsasən doktorantura proqramlarına qəbul, təqaüd əldə etmək üçün müraciət zamanı GRE və bu kimi digər sertifikatlar həlledici rol oynaya bilər. Yekun olaraq bildirmək istərdik ki, GRE imtahanına hazırlıqlardan öncə universitetin tələbləri ilə tanış olmaq daha məqsədəuyğundur.

İmtahan üçün qeydiyyat: https://www.ets.org/gre/revised_general/register

İstinad olunan mənbələr:

1. https://www.ets.org/

2. https://www.thechopras.com/

3. https://www.prepscholar.com/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir