TEFL vs. TESOL – hansını seçməli?

Fidan Bağırova, Vision Academy əməliyyatlar üzrə menecer, TEFL layihə rəhbəri

Bütün dünyada olduğu kimi, hazırda ölkəmizdə də beynəlxalq müəllimlik sertifikatları geniş önəm və vüsət almaqdadır. Bu sertifikatlar içində ən geniş yayılanlar TEFL və TESOL-dur.

TEFL və TESOL – hər ikisi ingilis dilinin tədrisi metodologiyası üzrə proqramlardır.

TEFL (Teaching English as a Foreign Language) – ingilis dilinin xarici dil kimi öyrədilməsini tədris edir. Çox zaman TEFL ana, yaxud rəsmi dili ingilis dili olmayan ölkələrdə həmin ölkə vətəndaşlarına, yəni ana dili ingilis dili olmayanlara, ingilis dilini öyrətməyin yollarından bəhs edir.

TESOL (Teaching English to Speakers of other Languages) – ana dili yaxud rəsmi dili ingilis dili olan ölkələrdə yaşayan əcnəbilərə ingilis dilinin tədrisi metodunu əhatə edən proqramdır.

Bu iki proqramı birləşdirən tərəfi yəqin ki, müəyyən edə bildiniz: hər iki proqram ingilis dilini bu dil üçün xarici sayılanlara öyrədir. Və çox zamanlar hər iki proqramın bir çox ortaq modulları olur.

TEFL, yaxud TESOL kurslarına qatılmazdan öncə bir sıra suallara cavab verməyiniz lazımdır; proqramdan maksimum yararlanmaq üçün:

  1. TEFL, TESOL almaqda məqsədiniz nədir?
  2. Əgər məqsədiniz xaricdə təlimçi, müəllim kimi çalışmaqdırsa, hansı ölkələri seçirsiniz?
  3. Həmin ölkələrdə əsasən hansı sertifikata üstünlük verilir? Məsələn, dünyanın ən böyük xarici təlimçi cəlb edən regionlarından olan cənubi-şərqi Asiya ölkələrində TEFL sertifikatı daha üstün sayılır. İşləmək üçün ABŞ-ı hədəfləmisinizsə, TESOL almağınız daha məqsədəuyğundur
  4. Xaricdə çalışmaq üçün müraciət edəcəyiniz mərkəz (məktəb, universitet, özəl məktəb və s.) beynəlxalq sertifikatla bağlı hansı tələblər irəli sürür?

Yuxarıdakı sualları cavablandırdıqdan sonra isə, mütləq TEFL yaxud TESOL kurslarını alacağınız mərkəzin rəsmi akkreditasiya olunmuş qurum olduğundan əmin olun.

Diqqət yetirməli olduğunuz başqa bir məqam TEFL TESOL kurslarının dərs proqramı, yaxud tədris olunacaq modullardır. TEFL/TESOL proqramları hər ikisi ən müasir modul və metodologiyanı əhatə etsə də, proqramda fərqlər olur. Məsələn, TESOL kursları diplom proqramı təqdim edir ki, bu zaman sizin modullardan savayı müəyyən araşdırma tədqiqat aparmağınız da lazım olacaq.

Mükəmməl dərs planlaması, ən yeni metodoloji biliklər, beynəlxalq sertifikatdan alınan əminlik hissi, ölkənizdə və xaricdə iş imkanları – bütün bunlar TEFL və TESOL sertifikatlarının sizə verəcəyi töhfələrdir.  Amma təbii ki, bunlardan daha vacib olanı öz işinizi və tələbələrinizi sevməyinizdir; beynəlxalq sertifikatlar isə bu işi daha peşəkar görməyinizə səbəb olacaq J

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir