“First Local EFL Training” 40-dan çox müəllim və təlimçini bir araya gətirdi

21 dekabr tarixində Vision Academy “First Local EFL Training” təşkil etmişdir. İngilis dili müəllimləri və karyerasını bu istiqamətdə qurmaq istəyənlər üçün nəzərdə tutulan təlim oxuma, yazı, dinləmə və danışıq qabiliyyətlərinin öyrədilməsini üçün praktiki modulları əhatə etmişdi.

“İngilis dili müəllimlərinin bilik və bacarıqlarının artırılması 2018-ci ildən bəri Vision Academy-nin prioritet istiqamətləri sırasındadır. Sizin peşəniz – ingilis dilinin öyrədilməsi – önəmliliyini hələ də saxlayır. 2020-ci il üçün 2 milyard insanın istifadə edəcəyi, yaxud öyrənəcəyi bu dili tədris etmək üçün yüksək keyfiyyətli , beynəlxalq səviyyədə qəbul edilmiş kvalifikasiyalara malik müəllimlərə ehtiyac hədsiz böyükdür. TEFL və TESOL məhz belə beynəlxalq kvalifikasiyalardandır” – tədbiri giriş sözü ilə açan Vision Academy Əməliyyatlar üzrə meneceri Fidan Bağırova qeyd etmişdir.

Azərbaycan Dövlət İqtisad Universitetinin İngilis dili kafedrasının rəhbəri Afət Abbasova qonaq spiker qismində çıxış edərək, 4 əsas praktiki qabiliyyətin tədrisi zamanı rastlaşılan maneələrə toxunmuşdur.

Daha sonra Vision Academy İngilis Dili Şöbəsinin rəhbəri Ülkər Mehdiyeva reseptiv hesab edilən dinləmə və oxuma qabiliyyətlərinin tədrisi üzrə təqdimatlar etmişdir. “Müasir tədris metodları fərqli və yeni alətlərin istifadəsini əhatə edir ki, bu da, öyrənmə prosesini həm maraqlı, həm də effektiv edir” – Ülkər Mehdiyeva qeyd etmişdir.

Günün ikinci yarısı Azərbaycan Universitetinin İngilis dili kafedrasının rəhbəri Samirə Məmmədova danışıq, yazı, dinləmə və oxuma qabiliyyətlərinin müasir metodlarla tədrisi ilə bağlı məruzə ilə çıxış etmişdir.

İkinci təlimçi Elen Rochlin danışıq və yazı qabiliyyətlərinin öyrədilməsi üzrə təqdimatla çıxış etmişdir. “Danışıq və yazı qabiliyyətlərinin aşılanmasında müəllimin rolu əvəzsizdir və siz təlimçi olaraq müxtəlif situasiyalarda müxtəlif rollarda çıxış edə bilərsiniz” – Elen Rochlin çıxışına başlayarkən demişdir.

Təqdimatlar zamanı iştirakçılara praktiki tapşırıqlar verilmiş, sual-cavab sessiyaları ilə interaktiv öyrənmə təmin edilmişdir.

Tədbirin sonunda Vision Academy Tədris şöbəsini rəhbəri Tofiq Ələkbərli mərkəzdə TEFL və TESOL təlimlərinin özəllikləri barədə məlumat vermişdir.

Təlim iştirakçılara beynəlxalq sertifikatların verilməsi ilə yekunlaşmışdır.

Vision Academy 2018-ci ildən bəri TEFL və TESOL üzrə beynəlxalq akkreditasiyadan keçmişdir. Öz işində keyfiyyət, müştəri məmnuniyyəti və etibar kimi prinsipləri əsas tutan Vision Academy beynəlxalq akkreditasiyalar əldə etməklə şirkət güvənini təsdiq etmişdir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir