AZ EN
Feedback

Vision Academy ve School of American Law seminar keçirib

Vision Academy-nin təşkilatçılığı ilə 27 iyun 2019-cu il tarixində “Hüquq firmalarının marketinqi və hüquqşünasların şəxsi  brendinqi” adlı seminar baş tutdu. 

Seminarda dövlət qurumları və özəl şirkətlərdə fəaliyyət göstərən hüquqşünaslar, sahibkarlar və hüquq sahəsində təhsil alan tələbələr iştirak etdi. 

İlk olaraq Vision Academy-nin Xaricdə Təhsil Ofisinin rəhbəri, eyni zamanda Chicago-Kent College of Law / SAL rəsmi nümayəndəsi olan Rövşən Bağırov, giriş sözü ilə tədbiri açıq elan etdi və ABŞın Çikaqo şəhərində hüquq üzrə Magistr dərəcəsini əldə etmək imkanını verən SAL proqramı barədə məlumatları iştirakçıların diqqətinə çatdırdı.  1888-ci ildə əsası qoyulmuş və 2015-ci ildə Trial Advocacy reytinqində birinci yer qazanan Chikago-Kent College of Law barədə məlumatlandıran Vision Academy’nin rəsmisi, həmçinin universitetin İllionis ştatının ən qədim ikinci universiteti olduğunu da vurğuladı. Universitetdə hüquq sahəsində təhsili almaq istəyən şəxslər üçün Bakalavr və Magistr təhsilinin mövcud olduğundan söz açıldı. Chicago-Kent College of Law / SAL-ə qəbul almaq istəyən şəxslər üçün İyulun 20-də  son müraciət günü olduğu da vurğulandıqdan sonra seminarın telimçisi, beynəlxalq ekspert Oksana Buchatska öz çıxışına başladı.

Dünyanın ən məşhur hüquq firmalarından olan DLA Piper-də Marketinq və Biznes İnkişafı şöbəsinin rəhbəri vəzifəsində çalışan Oksana Buchatska, tədbir iştirakçılarına süni zəkanın hüquqi marketinqdə istifadəsi, hüquqşünaslar üçün şəxsi brendinq, rəqəmsal marketinqin hüquqşünaslar və hüquq şirkətləri üçün istifadə metodologiyasından danışdı.

Şəbəkələşmə üçün ayrılmış kofe fasiləsində iştirakçılar, tədbir təşkilatçıları və spiker mövzu ətrafında müzakirələri davam etdirdilər.

4 saat davam edən tədbirdə iştirakçılar rəqəmsal marketinq, hüquqi yazışmalar, hüquq dilinin əsas lüğəti, xaricdə tətbiq edilən üsullar barədə ətraflı məlumatlar əldə etdilər və suallarını spikerə ünvanladılar. 

Seminarın sonunda iştirakçılara Chicago-Kent College of Law / School of American Law  tərəfindən tədbirdə iştirakla bağlı sertifikatlar təqdim edildi. 

Seminar Rövşən Bağırovun qapanış nitqi ilə bağlı elan edildi.